PROFESSOR ƏZİZ ƏLİYEV - 125

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və Azərbaycan Dövlət Tibb Kitabxanasının birgə təşkilatçılığı ilə professor Əziz Əliyevin anadan olmasının 125 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov Əziz Əliyevin görkəmli dövlət xadimi, ölkəmizdə səhiyyə işinin təşkilatçısı, eyni zamanda yüksək erudisiyaya malik alim kimi fəaliyyətindən bəhs edib. Professor Əziz Əliyevin irsinin öyrənilməsinin və gənc nəslə təbliğinin xüsusi önəm kəsb etdiyini vurğulayan Mais Süleymanov elmi seminarda müzakirə edilən mövzuların aktuallığını diqqətə çatdıraraq tədbirin işinə uğurlar arzulayıb.
Elmi seminarda BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Əziz Əliyev irsinə dair sənəd axınının tədqiqi”, Azərbaycan Dövlət Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva “Əziz Əliyev Azərbaycanda tibb elmi və təhsilinin informasiya fəaliyyətinin təşkilatçısı kimi” mövzularında məruzə ediblər. Nadir İsmaylov Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Əziz Əliyevin irsinə, şəxsiyyətinə böyük dəyər verdiyini vurğulamış, alimin yubileylərinin dövlət səviyyəsində qeyd edildiyini diqqətə çatdırmışdır. Məruzədə Əziz Əliyev irsi haqqında ölkəmizdə və xaricdə sənəd-informasiya axınının təşəkkülü, inkişafı və müasir vəziyyəti kompleks təhlil olunmuş, mövzunun informasiya təminatının təkmilləşdirilməsi ilə bağlı innovativ təkliflər irəli sürülmüşdür. Əziz Əliyev irsinə dair sənəd axınının tədqiqində Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə nəşr edilmiş “Əziz Əliyev” biblioqrafik göstəricisinin xüsusi əhəmiyyət daşıdığını bildirən məruzəçi biblioqrafiyada alimin əsərləri, həyat və yaradıcılığına dair mühüm faktların əksini tapdığını qeyd etmişdir. Məruzədə Əziz Əliyev irsinə dair çap edimiş əsərlər ədəbiyyat növlərinə və müəlliflərin əlifba göstəricisinə görə təsnifləndirilmiş, bir sıra müqayisəli təhlillər aparılmışdır.
Dövlət Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva məruzəsində Əziz Əliyevin Azərbaycanda tibb elmi və təhsilinin informasiya təminatındakı fəaliyyətindən bəhs etmiş, alimin Tibb Universiteti nəzdində hazırda 1 milyon kitab fonduna malik Tibb Kitabxanasının əsasını qoyduğunu bildirmişdir. Qeyd etmişdir ki, Əziz Əliyev Tibb İnstitutunda xüsusi Kitabxana Komissiyası yaratmış, tibbi kitabxananın fondunun zənginləşməsinə, digər respublikalarla kitab mübadiləsinin aparılmasına mühüm töhfələr vermişdir. Y.Pirəliyeva Əziz Əliyevin təşəbbüsü ilə ölkədə elmi-tibbi ədəbiyyatın, eləcə də bu sahə üzrə dövri nəşrlərin çapını həyata keçirən “Tibb nəşriyyatı”nın, “Praktiki və nəzəri tibb jurnalı”nın, hazırda “Təbib” adı ilə fəaliyyətini davam etdirən “Tibb kadrları uğrunda” qəzetin yaradıldığını diqqətə çatdırıb. Məruzəçi alimin bu istiqamətdəki fəaliyyətinin ölkəmizdə tibb elmi və təhsilinin informasiya təminatının formalaşmasında xüsusi rolunu vurğulayıb.
Məruzələr auditoriya tərəfindən böyük maraqla dinlənilib, mövzularla bağlı müzakirələr aparılıb.