RƏQƏMSAL TRANSFORMASİYA VƏ KİTAB NƏŞRİ

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Rəqəmsal transformasiya və kitab nəşri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasova mövzu üzrə məruzə edib.
Məruzədə qlobal informasiya mühitinin öz şərtlərini diktə etdiyi şəraitdə rəqəmsal transformasiyanın kitab nəşri sahəsinə təsirindən bəhs olunub. Bildirilib ki, bu proses digər sahələr kimi yaradıcı sənayelərə, o cümlədən kitab nəşrinə əhəmiyyətli dərəcədə təsir göstərir. Kitab sənayesində rəqəmsallaşmanın rolu davamlı şəkildə artır, ənənəvi nəşrlərdən elektron nəşrlərə keçid sürətlə inkişaf edir.
Araşdırmada ənənəvi və rəqəmsal nəşriyyat modellərinin müqayisəli təhlilləri aparılıb, müasir texnologiyaların nəşriyyat sənayesində yaratdığı yeni imkanlar ətraflı şəkildə şərh olunub. Nəşriyyat praktikasında süni intellekt texnologiyalarından istifadə yeni dövrün reallığı kimi öyrənilib, bu kontekstdə müəlliflik hüquqlarının qorunması, informasiya təhlükəsizliyi, nəşriyyat məhsullarında akademik dürüstlüyün təmin olunması kimi mühüm istiqamətlər təhlilə cəlb edilib. Məruzədə həmçinin səsli axtarış sistemləri, multimedia komponentlərinin nəşriyyat ptaktikasında artan rolu, bu istiqamətlərdə dünyanın aparıcı nəşriyyatlarının həyata keçirdiyi innovativ layihələr və yerli nəşriyyatların fəaliyyətləri nümunələr əsasında təqdim olunub. Qeyd edilib ki, nəşriyyat işinə rəqəmsal transformasiyanın tətbiqi müasir nəşriyyatların imicinin müəyyənləşdirilməsində, çap məhsullarının təbliğində, eyni zamanda oxucu-müəllif, oxucu-nəşriyyat münasibətlərinin formalaşmasında mühüm rol oynayır, nəşriyyat məhsullarını daha əlçatan və interaktiv edir.
Elmi seminar müzakirələrlə davam edib.