“SƏNƏD AXINININ TƏDQİQİ” MÖVZUSUNDA SEMİNAR

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, gənc tədqiqatçıların və tələbələrin iştirakı ilə “Sənəd axını innovativ tədqiqatlar kontekstində” mövzusunda elmi seminar keçirilib. Mövzu ilə bağlı fakültənin elmi işlər üzrə dekan müavini Zahidə Rzayeva məruzə edib. Məruzədə müasir informasiya texnologiyalarının dinamik inkişaf etdiyi şəraitdə sənəd axını innovativ tədqiqatlar müstəvisindən təhlil edilmiş, kitabxanaçılıq-biblioqrafiya sahəsi üzrə sənəd axınının inkişaf mərhələləri, tendensiyaları şərh olunmuşdur. Bu anlayışın biblioqrafiyaşünaslıq elminə XX əsrin 60-cı illərində daxil olduğunu qeyd edən məruzəçi əks etdirdiyi informasiyanın işlənməsi xarakterindən asılı olaraq kitabxana-biblioqrafiya sahəsində sənədlərin ilkin sənədlər və ikinci dərəcəli sənədlər olaraq qruplaşdırıldığını bildirmişdir. İlkin sənədlərin özündə ilkin informasiyanı əks etdirməklə, informasiya yaradıcılarının peşəkar fəaliyyətinin nəticəsi hesab olunduğu, ikinci dərəcəli sənədlərin isə bir və ya bir neçə sənədin analitik-sintetik işlənməsi nəticəsində əldə olunan nəticələri əks etdirdiyi və ilkin sənədlər haqqında informasiyaya operativ şəkildə əlçatarlığı təmin etmək funksiyasını yerinə yetirdiyi diqqətə çatdırılmışdır.
Araşdırmada müstəqillik illərində kitabxana-biblioqrafiya sahəsi üzrə sənəd axınının müəyyənləşdirilməsini əks etdirən statistik məlumatlar təqdim edilmiş, həmin məlumatlar müxtəlif illər üzrə kitab və məqalələrin çap olunma dinamikasına görə təhlil olunmuş, müəyyən müqayisələr aparılmışdır.
Elmi seminar müzakirələrlə davam etdirilib.