TARİXİ ZƏFƏRİN 5 İLİ

Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 8 noyabr – Zəfər Gününün beşinci ildönümü münasibəti ilə Bakı Dövlət Univresitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Dövlət Elmi Tibb Kitabxanası və Azərbaycan Təbabət Muzeyinin birgə təşkilatçılığı ilə “Tarixi Zəfərin 5 ili” adlı tədbir keçirilib.
Respublika Dövlət Elmi Tibb Kitabxanasının konfrans zalında təşkil olunan tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirələri yad olunub. Birinci və İkinci Qarabağ savaşlarında iştirak etmiş şəhid həkimlərimiz haqqında videoçarx nümayiş etdirilib.
Respublika Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva 2020-ci il sentyabrın 27-də başlayan, noyabrın 10-na qədər davam edən Vətən müharibəsi nəticəsində əldə etdiyimiz Zəfərin xalqımızın çoxəsrlik tarixinə parlaq hərflərlə həkk olunduğunu vurğulayıb: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 il erməni işğalı altında qalmış torpaqlarımızı azad etdi, ərazi bütövlüyümüz bərpa olundu, tarixi ədalət zəfər çaldı”.
Tədbirdə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı Knyaz Aslan, Azərbaycan Təbabət Muzeyinin direktoru Sevinc Maniyeva, Respublika Dövlət Elmi Tibb Kitabxanasının direktor müavini – Vətən müharibəsi iştirakçısı, zabit Rəsul Rəsulovun ömür-gün yoldaşı Könül Rəsulova, kitabxananın əməkdaşları Ülkər Adilova, İradə Əliyeva çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayında aparılmış bir günlük lokal xarakterli antiterror əməliyyatlarında qəhrəman əsgər və zabitlərimizin göstərdikləri şücaətlərdən bəhs olunub, həmçinin döyüşlər zamanı yaralanan əsgər və zabitlərimizə ilk tibbi yardım göstərmiş peşəkar həkimlərimizin fədakarlıqları faktlarla diqqətə çatdırılıb. Vurğulanıb ki, tarixi Zəfərimizin 5-ci ildönümünün Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Konstitusiya və Suverenlik İli”ndə qeyd olunması qələbəmizin miqyasını bir daha ifadə edir, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının regionda yeni reallıqlar yaratdığını əyani nümayiş etdirir.