TƏDRİS İLİNİN İLK ELMİ SEMİNARI

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Mədəni irs və rəqəmsal informasiya mühiti” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov məruzə edib.
Məruzəçi bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev mədəni irsimizin mühafizəsi, yaşadılması və inkişafı üçün müstəsna xidmətlər göstərib. Ulu Öndərin hakimiyyəti illərində bu sahə hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, milli mədəni irsin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu müdrik siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi-mədəni abidələrin mühafizəsi, işğaldan azad edilmiş ərazilərdə dağıdılmış mədəni irs nümunələrinin bərpası və yenidən həyata qaytarılması, milli mədəni sərvətlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm tədbirlər görülür. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin yaşadılmasına və qorunmasına əvəzsiz töhfələr verir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə misilsiz layihələr həyata keçirir.
Bakı Dövlət Universitetinin bu istiqamətdə fəaliyyətindən bəhs edən natiq vurğulayıb ki, sahənin fundamental tədqiqi məqsədilə ötən il BDU-da Mədəni İrsi Araşdırmalar Mərkəzi yaradılıb. Mərkəzin yaradılması Azərbaycanın mədəni irsi ilə bağlı elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, elmi və elmi-kütləvi məqalələrin hazırlanması, bu istiqamətdə araşdırmaların sistemli xarakter alması baxımından mühüm əhəmiyyət kəsb edir.
Məruzədə mədəni irsin qorunması, mühafizəsi, rəqəmsallaşdırılması və gələcək nəsillərə ötürülməsi məsələləri, müasir informasiya-kommunikasiya texnologiyalarının bu sahədə yaratdığı yeni imkanlar geniş müzakirə olunub. Vurğulanıb ki, rəqəmsallaşdırma mədəni irsin qorunmasının müasir və perspektivli istiqamətlərindən biridir. Əlyazmaların, nadir kitabların, arxiv sənədlərinin, muzey eksponatlarının, tarixi-memarlıq abidələrinin və digər mədəni irs nümunələrinin rəqəmsal surətlərinin yaradılması onların fiziki təhlükələrdən qorunmasına, elmi-tədqiqatlar üçün əlçatanlığının artırılmasına və vahid informasiya məkanında təqdim edilməsinə imkan verir: “Müasir dövrdə mədəni irsin qorunması yalnız ənənəvi mühafizə mexanizmləri ilə məhdudlaşmır, həm də onun rəqəmsal mühitdə sənədləşdirilməsini, sistemləşdirilməsini, elmi tədqiqini, elektron informasiya resurslarına çevrilməsini və geniş istifadə üçün əlçatanlığının təmin edilməsini tələb edir”.
Tədqiqatda Azərbaycan Respublikasında mədəni irsin qorunması sahəsində formalaşmış milli qanunvericiliyin arxitekturası da şər edilib. Qeyd olunub ki, mədəni irsin mühafizəsi kompleks hüquqi mexanizmlər əsasında həyata keçirilir və bu sistem mədəni sərvətlərin, tarix və mədəniyyət abidələrinin, arxeoloji irsin, muzey və arxiv materiallarının, kitabxana və digər sənəd-informasiya resurslarının qorunmasını müxtəlif hüquqi normalarla təmin edir.
Elmi seminar müzakirələrlə davam edib.