TƏDRİS İLİNİN İLK ELMİ SEMİNARI
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində akademik heyətin və “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə “Azərbaycanda tarix-diyarşünaslıq muzeyləri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Redaksiya-nəşriyyat işi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasova mövzu ilə bağlı məruzə edib.
Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin iş təcrübəsi əsasında təqdim edilən məruzədə ölkəmizdə tarix-diyarşünaslıq muzeylərinin yaranması, formalaşması və inkişaf dövrləri xronoloji qaydada izlənilib. Tarixi keçmişimizin, milli irsimizin və adət-ənənələrimizin qorunub-saxlanılaraq gələcək nəsillərə çatıdırılmasında tarix-diyarşünaslıq muzeylərinin rolu tədqiq edilib: “Muzeylər yalnız eksponatların qorunduğu mədəni məkan deyil, eyni zamanda tədqiqat və maarifləndirmə mərkəzi kimi də mühüm əhəmiyyətə malikdirlər”.
Tədqiqatda Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin ekspozisiya məzmunu, fondları və inkişaf dinamikası müqayisəli şəkildə təhlil olunub. Məruzədə həmçinin İsmayıl bəy Qutqaşınlının Xatirə-Ev Muzeyi və Bəxtiyar Vahabzadənin Ev-Muzeyi muzeyi barədə də maraqlı faktlar təqdim olunub. Bölgənin tarix-diyarşünaslıq muzeylərinin maddi-texniki təchizatının yaxşılaşdırılması, müasir dövrün tələbləri səviyyəsində təkmilləşdirilməsi, nümayiş imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Elmi seminar müzakirələrlə davam edib.