TƏLƏBƏLƏRİMİZ ADA UNİVERSİTETİNDƏ

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə ikinci kurs tələbələri ADA Universitetinin Kitabxanasında praktik dərsdə iştirak ediblər. Praktik məşğələ Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşovun rəhbərliyi ilə “Elektron kataloq” fənni çərçivəsində keçirilib.
Əvvəlcə kitabxananın direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov tələbələrə rəhbərlik etdiyi qurumun fəaliyyəti, əsas iş prinsipləri, sənəd dövriyyəsi, fondu barədə ətraflı məlumat verib. Direktor kitabxanada elektron xidmətlərin inkişafı, elektron kitabxananın formalaşdırılması, nəşrlərin rəqəmsallaşdırılması haqqında danışıb. Bildirib ki, rəhbərlik etdiyi kitabxana bu istiqamətlərdə mühüm nəticələr əldə edib və bu proses davamlı olaraq təkmilləşdirilir.
Praktik dərs çərçivəsində tələbələr ADA Universiteti Kitabxanasının şöbələri ilə tanış olublar. Müvafiq şöbələrin əməkdaşları tərəfindən kitabxana prosesləri tələbələrə əyani şəkildə nümayiş etdirilib, tələbələr bəzi mərhələlərdə bilavasitə iştirak ediblər.