TƏLƏBƏLƏRİMİZ DƏMİRYOL MUZEYİNDƏ

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan Dəmiryol Muzeyində ekskursiyada olublar.
Ekskursiyanın məqsədi tələbələrin muzey işi sahəsində əldə etdikləri nəzəri bilikləri praktiki nümunələr üzərində mənimsəmələrinə və ixtisas üzrə dünyagörüşlərinin formalaşmasına şərait yaratmaqdır.
Muzeyin bələdçiləri tərəfindən tələbələrə nəqliyyatın yaranma tarixi və müasir inkişaf mərhələləri barədə geniş məlumat verib. Bildirilib ki, tarixi Sabunçu vağzalının binasında yerləşən bu mədəniyyət ocağı ölkəmizin dəmir yolu irsini qoruyan əsas mərkəzdir. 2019-cu ildən fəaliyyətə başlayan və 2023-cü ildə yenidənqurmadan sonra qapılarını yenidən ziyarətçilərin üzünə açan muzeydə 3 eksponat zalı, 2 kino zalı və suvenir mağazası fəaliyyət göstərir.
Ziyarət zamanı tələbələr Azərbaycanın dəmir yolu şəbəkəsinin inkişafını əks etdirən maketlər, arxiv fotoşəkilləri və videomateriallarla yaxından tanış olublar. Gələcək mütəxəssislər üçün xüsusilə maraq doğuran eksponatlar arasında Zaqafqaziya dəmir yolunun tarixi xəritəsi və 1885-1964-cü illəri əhatə edən orijinal dəmiryolçu geyimləri yer alıb.
Ekskursiya çərçivəsində tələbələrə dəmir yollarının texniki xüsusiyyətləri, eləcə də I və II Dünya müharibələri dövründə bu sahənin strateji əhəmiyyəti barədə tarixi faktlar təqdim olunub. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.