TƏLƏBƏLƏRİMİZ HEYDƏR ƏLİYEV MUZEYİNDƏ

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti və Şərqşünaslıq fakültələrinin tələbələri Universitetin Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Muzeyin müdiri Afət Seyidzadə 1997-ci ildən Ulu Öndər Heydər Əliyevin şəxsi razılığı ilə Universitetdə fəaliyyətə başlayan Muzey haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Muzeyi Ümummilli Liderin zəngin irsinin təbliği və öyrənilməsində mühüm əhəmiyyətə malikdir.
Muzeyin sol tərəfində BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkil və sənədlər nümayiş olunur. Monitorda isə “elektron muzey” formatında Ümummilli Liderin həyatı və zəngin fəaliyyətinə dair məlumatlar təqdim edilir. Muzeyin sağ hissəsində isə Ulu Öndərin BDU ilə bağlı fəaliyyəti, Universitetə doğma, əziz münasibətinə dair məlumatlar yer alır.
Qeyd edək ki, Muzey Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-nun Tədbirlər Planı çərçivəsində 2023-cü ildə ən müasir standartlarla əsaslı şəkildə yenidən qurulub.