TƏLƏBƏLƏRİMİZ "İNTELLEKTUAL QATAR" SƏRGİSİNDƏ

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin "Muzey, arxiv işi və abidələrin qorunması" ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası və Azərbaycan Dəmiryol Muzeyinin birgə təşəbbüsü ilə həmin muzeydə təşkil olunmuş “İntellektual Qatar” sərgisini ziyarət ediblər.
Respublika Elmi-Texniki Kitabxanasının müəllif hüquqları və patent üzrə direktor müavini Azadə Orucova tələbələrə sərgi ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, tədbirin məqsədi Respublika Elmi-Texniki Kitabxanasının zəngin kitab fondunu və burada saxlanılan elmi-texniki ədəbiyyatı təqdim etmək, oxucularda mütaliəyə marağı artırmaqdır. Sərgidə kitabxananın fondunda dünyada və Azərbaycanda nəqliyyatın, o cümlədən dəmir yolunun inkişafına aid nadir çap məhsulları və müasir nəşrlər nümayiş etdirilib. Nümayiş etdirilən elm, təhsil və peşəyönümlü ədəbiyyat nümunələri muzeydəki eksponatlarla birlikdə dəmiryolu nəqliyyatının tarixi inkişaf mərhələləri haqqında iştirakçılarda aydın təsəvvür yaradıb.
Tələbələr sərgidəki əsərlərlə tanış olmaqla yanaşı, onları maraqlandıran suallara cavab alıblar.