TƏLƏBƏLƏRİMİZ QARA QARAYEVİN EV-MUZEYİNDƏ

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi ilə Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin ev-muzeyinə ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi tələbələrin milli-mədəni irsə marağını artırmaq, onların Azərbaycan musiqi tarixinin görkəmli nümayəndələrindən biri olan Qara Qarayevin həyat və yaradıcılığı ilə yaxından tanış olmalarını təmin etmək olub.
Tədbir çərçivəsində tələbələr Qara Qarayevin Ev Muzeyində nümayiş olunan eksponatlarla tanış olub, bəstəkarın şəxsi əşyaları, not yazıları, fotoşəkilləri və sənət fəaliyyətini əks etdirən materiallar haqqında ətraflı məlumat əldə ediblər. Muzey əməkdaşları tərəfindən keçirilən bələdçi turu zamanı iştirakçılara Qara Qarayevin Azərbaycan və dünya musiqi mədəniyyətinə verdiyi töhfələr haqqında geniş məlumat verilib.
Ekskursiya tələbələr tərəfindən böyük maraqla qarşılanıb və onların mədəni biliklərinin artırılmasına, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.