TƏLƏBƏLƏRİMİZ TƏKAMÜL MUZEYİNDƏ

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələri Universitetin Təkamül Muzeyində olublar.
Muzeyin mütəxəssisi Ümidvar Məlikov 1937-ci ildə Əməkdar elm xadimi, professor Mirəli Axundov tərəfindən təsis olunmuş muzey haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, Cənubi Qafqazda ilk və yeganə olan bu muzey minilliklər ərzində həyatın necə əmələ gəlməsi, onun sadədən mürəkkəbə, birhüceyrəli orqanizmlərdən insana qədər inkişaf yolu keçməsi barədə elmi faktları əks etdirir. Muzeydə toplanmış müxtəlif paleontoloji, müqayisəli anatomik, embrioloji, biocoğrafi dəlillər tarixi təkamül prosesi haqqında real və obyektiv təsəvvür yaradır. Muzeydəki əyani vasitələr müxtəlif fənlərin tədrisində və öyrənilməsində mühüm əhəmiyyət daşıyır.
Tələbələr muzeyin zəngin ekspozisiyaları ilə yaxından tanış olublar, muzeyin mütəxəssisi tərəfindən onların ibtidai insanların həyat tərzi, həmçinin müxtəlif bitki sortları, heyvan cinsləri və digər məsələlərlə bağlı sualları cavablandırılıb.