TƏLƏBƏLƏRİN BİRİNCİ RESPUBLİKA KONFRANSI

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Axundov adına Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, BDU-nun Elmi Kitabxanası, ADA Universiteti Kitabxanası və UNEK Kitabxana İnformasiya Mərkəzi ilə birgə təşkil etdiyi “Elektron katoloq – yüksək texnologiyaların nəticəsi kimi” kimi mövzusunda Tələbə Elmi Konfransı keçirilib. Elmi konfransı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, konfransın Təşkilat komitəsinin sədri, professor Mais Süleymanov bildirib ki, bu gün Universitetdə elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi istiqamətində mühüm addımlar atılır, bu istiqamətdə həyata keçirilən islahatlar və müəyyənləşdirilmiş inkişaf strategiyasının təhlili deməyə əsas verir ki, BDU yaxın gələcəkdə təhsilin səviyyəsinə və elmi tədqiqatların məzmununa görə beynəlxalq reytinq agentliklərinin siyahısında daha ön yerləri tutacaq, nüfuzlu tədqiqat universitetinə çevriləcəkdir. Keçirilən konfransın tələbələrdə elmi fəaliyyətə böyük maraq yaradacağını bildirən Mais Süleymanov konfransın işinə uğurlar arzulayıb. Sonra Kitabxanaçılıq-informasiya fakültəsinin dekan vəzifəsini icra edən Ələmdar Cabbarlı konfrans haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, konfransın keçirilməsində məqsəd kitabxana-informasiya fəaliyyətində əsas element olan elektron kataloqların və avtomatlaşdırma proseslərinin müasir vəziyyətini və perspektivlərini araşdırmaq, eyni zamanda tələbələrdə elmi tədqiqata maragın artırılması, onlarda nəzəri biliklərlə yanaşı təcrübi biliklərin də formalaşdırılması baxımından bu istiqamətdə olan elmi nəticələri müzakirə etməkdir.
Konfrans işini fakültənin dekan müavini Zahidə Rzayevanın moderatorluğu ilə davam etdirib. Tələbələr ayrı-ayrı komandalar şəklində fakültə TEC-in elmi rəhbəri Rəşad Qardaşovun rəhbərliyi ilə hazırladıqları “Axundov adına Milli Kitabxanada avtomatlaşdırma proseslərinin müasir vəziyyəti və istifadə səmərəliliyi”, “AMEA MEK-də avtomatlaşdırma proseslərinin müasir vəziyyəti və elektron kataloqun axtarış imkanları”, “BDU-nun Elmi Kitabxanasında avtomatlaşdırma proseslərinin tarixi təkamülü və müasir vəziyyəti”, “ADA Universiteti Kitabxanasında elektron resurslarla xidmət və elektron kataloqun istifadə səmərililiyi” və “UNEC Kitabxana İnformasiya Mərkəzində avtomatlaşdırma prosesləri və elektron kataloq” mövzularında təqdimatlar nümayiş etdiriblər. Təqdimatlarda adı çəkilən kitabxanaların bu sahədəki fəaliyyəti şərh edilmiş, müqayisəli təhlillər aparılmış, müəyyən qənaətlər ortaya qoyulmuş və bir sıra təkliflər irəli sürülmüşdür. Çıxış edənlər - Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, ADA Universiteti Kitabxanasının direktoru Elçin Məmmədov, UNEK Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva, kafedra müdirləri Elçin Əhmədov, Knyaz Aslan, Sevda Xələfova, tədbirin moderatoru, elmi işlər üzrə dekan müavini Zahidə Rzayeva və fakültə TEC-in elmi rəhbəri Rəşad Qardaşov konfransın əhəmiyyətindən bəhs ediblər, təşkilatçılığa və yüksək səviyyədə dəstəyə görə Universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.