TÜRKİYƏLİ MÜTƏXƏSSİSİN USTAD DƏRSİ
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi, Azərbaycan Milli Kitabxanası, Türkiyənin Cümhurbaşkanlığı Millət Kitabxanası, Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs Universitetlərinin Bilgi və bəlgə yönətimi bölümlərinin birgə təşkilatçılığı ilə Türkiyədə keçirilən 61-ci “Kitabxana Həftəsi” tədbirləri çərçivəsində elmi-praktik konfrans təşkil olunub.
Konfrans çərçivəsində Türkiyə Cümhurbaşkanlığı Millət Kitabxanasının başqanı Ayhan Tuğlunun BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri üçün ustad dərsi təşkil olunub.
Məruzədə Türkiyə Cümhurbaşkanlığı Millət Kitabxanasının fəaliyyəti haqqında ətraflı məlumat verilib, Kitabxananın 2015-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə yaradıldığı və Türkiyənin ən böyük kitabxanası olduğu, öz fondlarına və xidmətlərinə görə dünyanın qabaqcıl kitabxanaları sırasında yer aldığı qeyd olunub. Millət Kitabxanasının fəaliyyət istiqamətləri, kitabxananın strukturu, sənəd dövriyyəsi, kitab fondu, komplektləşdirilmə mənbələri, oxucu sayı, kitabxanada təşkil edilən müxtəlif tədbirlər, sərgilər, həyata keçirilən layihələr barədə dolğun məlumatlar təqdim olunub.
Ustad dərsi tələbələr tərəfindən maraqla dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb, məruzəçiyə çoxsaylı suallar ünvanlanıb.