ULU ÖNDƏRƏ HƏSR OLUNMUŞ ELMİ SEMİNAR
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ulu Öndər Heydər Əliyev irsinin biblioqrafik tədqiqi” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müəllimi Vəzufə Xudiyeva məruzə edib.
Məruzə BDU Elmi Şurasının qərarı ilə nəşr edilmiş “Heydər Əliyev – 100: Biblioqrafik Məlumat Kitabı” əsasında təqdim olunub. Bildirilib ki, biblioqrafik göstərici ilk dəfə 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin 80 illik yubileyi münasibətilə Əməkdar elm xadimi, professor Abuzər Xələfov və dosent Solmaz Sadıqova tərəfindən hazırlanmışdır: “Həmin ənənənin davamı olaraq əsər dosent Solmaz Sadıqova tərəfindən yenidən işlənilmiş, eyni zamanda son iki onilliyin nəşrləri də əhatə olunmaqla yeni materiallarla zənginləşdirilmişdir”. Vəzufə Xudiyeva vurğulayıb ki, “Heydər Əliyev-100: Biblioqrafik Məlumat Kitabı” zəngin informasiya bazası ilə seçilir. Yeni nəşrdə Ulu Öndər Heydər Əliyevin əsərlərindən ibarət “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 46 kitabının bir mənbə altında biblioqrafik təsviri verilib, eyni zamanda külliyyatın hər bir kitabının tərkibi açılıb. Bu, oxucuya biblioqrafik göstəricinin köməyi ilə çoxcildliyin hər bir cildi haqqında informasiya əldə etmək imkanını verir.
Tədqiqatçı kitabın məzmunu, quruluşu barədə mühüm informasiyaları iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, kitab 4 hissədən ibarətdir. Birinci hissə “Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti” adlanır. Burada Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin salnaməsi xronoloji ardıcıllıqla təqdim olunur. Bu hissənin ikinci yarımbölməsində birinci məlumat kitabından fərqli olaraq, Ulu Öndər Heydər Əliyevin təltifləri də verilib. Birinci hissənin üçüncü yarımbölməsində dünya liderlərinin, görkəmli şəxsiyyətlərin Ulu Öndər haqqında söylədikləri qiymətli fikirlər, “Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları” adlı dördüncü yarımbölmədə isə müdrik rəhbərin qiymətli kəlamları əksini tapır. Biblioqrafik məlumat kitabının “Ümummilli Lider Heydər Əliyevin kitab şəklində nəşr edilmiş əsərləri” adlı ikinci hissəsi üç yarımbölmədən ibarətdir. Kitabın “Ümummilli Lider Heydər Əliyev haqqında ədəbiyyat” adlı üçüncü hissəsində materiallar səkkiz yarımbölmədə təqdim olunur. Bu hissədə Ulu Öndər Heydər Əliyev haqqında müdafiə olunmuş dissertasiyaların verilməsi də yenidir. “Heydər Əliyev-100: Biblioqrafik Məlumat Kitabı”nın sonuncu – dördüncü hissəsi “Yardımçı göstəricilər” adlanır. Burada Ulu Öndər Heydər Əliyevin əsərlərinin əlifba göstəricisi və Ulu Öndər Heydər Əliyev haqqında yazan müəlliflərin əlifba göstəricisi verilir. Biblioqrafik əsərə iki adda köməkçi aparatın verilməsi kitabdan istifadəni asanlaşdırır, məlumat axtarışını daha səmərəli edir: “Biblioqrafik əsər geniş oxucu kütləsi, müxtəlif elm sahələrində fəaliyyət göstərən alimlər, tədqiqatçılar, müəllimlər, tələbələr, ümumiyyətlə bütün oxucu qrupları üçün əvəzsiz mənbədir”.
Elmi seminar məruzə ətrafında çıxışlarla davam edib.