XOCALI SOYQIRIMI MÖVZUSUNDA XÜSUSİ DƏRS

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş xüsusi dərs təşkil olunub. Əvvəlcə Xocalı soyqırımı zamanı və Qarabağ uğrunda şəhid olan soydaşlarımızın unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Xocalı soyqırımına həsr edilmiş xüsusi dərs Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslanın mühazirəsi ilə davam etdirilib. Knyaz Aslan mühazirədə Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımının başvermə səbəbləri, soyqırım qurbanları barədə tələbələrə dolğun informasiya verib. Natiq Xocalı soyqırımına hüquqi-siyasi qiymətin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verildiyini xüsusi vurğulayıb. Soyqırımın dünyada tanıdılmasında Heydər Əliyev Fondunun fəaliyyətinin, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Həmin dövrdə jurnalist kimi fəaliyyət göstərən Knyaz Aslan müxtəlif mətbuat orqanlarında bu mövzuda yazdığı məqalələri tələbələrə nümayiş etdirib, eyni zamanda faciə günlərində gündəliyinə etdiyi tarixi qeydləri oxuyub. Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə nəticəsində bütün şəhidlərimiz kimi Xocalı soyqırımı qurbanlarının da arzularının gerçəkləşdiyini, onların ideallarının qalib gəldiyini vurğulayan natiq Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən soydaşlarımızın əziz xatirələrinin hər zaman qədirbilən xalqımız tərəfindən yaşadılacağını bildirib.
Xüsusi dərs tələbələr tərəfindən diqqətlə dinlənilib, mühazirəçiyə çoxsaylı suallar ünvanlanıb.